The Land of Fire

Dron Türkiyədəki dəhşətli zəlzələnin episentrində olan böyük dağıntıları göstərdi

Türkiyədə baş verən zəlzələnin ağır nəticələri hər kəsi sarsıdır: indiyə qədər olan məlumata görə, həlak olanların sayı 17 mini ötüb, 70 mindən çox insan yaralanıb.
Ölənlər arasında tanınmış idmançılar, millət vəkilləri, sənətçilər, blogerlər var.
Bu, hələ meyitləri tapılanlardır. Qeyri-rəsmi məlumata görə, dağıntılar altında 190 mindən çox insan qalıb. Havanın dəhşətli soyuq olması və vaxtın uzanması dağıntılar altından insanların sağ çıxarılma ümidlərini də azaldır.
Böyük və dəhşətli faciədir, tələfatın həddən artıq çox olacağı ilə bağlı mütəxəssislər olduqca pessimist və ürəkləri üzən proqnozlar verirlər.
Baş verənlər əlbəttə ki, daxildə emosional reaksiyaları artırır: hər kəs günahkar axtarır, hər kəs kimisə ittiham etməyə çalışır – buna media nümayəndələrinin qoşulması isə pis nəticələr vəd edir.
Əsas ittiham subyekti tikinti şirkətləri, onlara zəlzələyə davamsız tikinti icazəsini verən qurumlar (yəni dövlət) və xilasetmə işlərinin ləng getməsi (yəni yenə dövlət), çatışmazlıqlardır.
Anlaşılandır: hər kəs xilasetmə işlərinin daha sürətli olmasını istəyir, dağıntılar altında qalanların tez bir zamanda çıxarılmasını arzulayır və burda hər hansı ləngimənin obyektiv səbəblərini görüb-qəbul etmək niyyətində deyil.
Ancaq faktlar tamam ayrı məsələlərdən xəbər verir.
Kimlərsə 1999-cu il 17 avqust İzmit zəlzələsi ilə müqayisələr aparır, kimlərsə 2000-ci il 25 noyabr Bakı zəlzələsini misal göstərir və Bakıda daha dayanıqlı binaların tikildiyindən bəhs edir. Guya Türkiyədə son 20 ildə heç bir iş görülməyibmiş.
İzmit zəlzələsini yada salaq: 6,9 bal olmuşdu (indi bəzi mənbələr 7,6 bal olduğunu yazır, ancaq dəqiqliyinə qədər xatırlayıram həmin gündəki rəsmi statistikaları), 17 min 217 insan ölmüş, 44 minə yaxın yaralanmışdı. Bəzi mənbələr rəsmi açıqlamadan daha çox – təxminən 40 min nəfərin öldüyünü iddia edirdi.
Bakıda isə 2000-ci ilin 25 noyabrında, axşam 21:30 radələrində 6,8 bal gücündə zəlzələ olmuşdu. Ancaq həmin vaxt zəlzələnin gücünün 7,5 bala yaxın olduğu haqda bilgi verilmişdi. Yalnız bir nəfər panikaya düşmüş və yüksək mərtəbədən atıldığı üçün ölmüşdü: nə dağıntı, nə tələfat – Bakı, şükürlər olsun, sağ qurtarmışdı.
Səbəb o idi ki, İzmit zəlzələsində 6,9 (və ya 7,6) ballıq zəlzələnin müddəti 44 saniyə çəkmişdi, Bakıda isə bu müddət 4 dəfə az idi – 11 saniyə gediş, 11 saniyə qayıdış olmuşdu.
Eyni gücdə olan zəlzələnin davametmə müddəti İzmitdə dəhşətli faciəyə yol açmışdı.
Qəhrəmanmaraşda 6 fevral 2023-cü il, saat 4:17-də baş verən 7,4, ardınca isə 7,7 ballıq zəlzələlərin davametmə müddəti bilirsinizmi nə qədərdir?
80 və 100 saniyə!
Bu, həddən artıq böyük müddət, inanılmaz titrəyiş deməkdir. 7,4/7,7 ballıq zəlzələnin 11/44 saniyə davam etməsi ilə 80-100 saniyə davam etməsi arasında fərq dağıdıcılıq gücünün bir neçə on dəfə artması deməkdir.
Buna hansısa tikintinin dözməsi olduqca çətin məsələdir.
Yaponiya ilə müqayisələr edilir. Əlbəttə, Yaponiyada güclü zəlzələlər az qala hər gün olur və bu ölkədə bütün binalar 9 baldan da çox zəlzələyə dözümlü tikilir – reys üstündə, hərəkət etmə imkanında və s. Yaponiya zəlzələnin dağıdıcı gücünə qarşı dözümlüdür, ancaq sunaminin öhdəsindən gələ bilmir. Fukusimo AES-in timsalında isə gördük ki, zəlzələ Yaponiyaya da dəhşətli zərbə vura bilir.
İkincisi, zəlzələnin miqyasına baxın: 10 böyük vilayət, 13,5 milyon insanın yaşadığı ərazi... Zəlzələlərin sahəsi az qala Cənubi Qafqaz ölkələrinin ərazisindən və əhalisindən çoxdur. Bunu təsəvvür etmək çoxmu çətindir?
Dağlar yerin “divarlarıdır”, “sütunlarıdır”, zəlzələ dalğası dağ köklərinə dəyib dayanır.
Türkiyənin zəlzələ baş verən ərazisi düzənlikdir, ona görə həddən artıq böyük sahəyə yayılıb.
Üçüncüsü, binaların əksərinin yarısı bütövlükdə yerə girib, yollar tam bağlanıb, bir küçədən digərinə adlamaq belə bəzən saatlarla vaxt alır; texnikanın işləməsi imkanları məhduddur, onları dağılmış binaların qalıqları üzərinə çıxarmaq olmaz, betonlar altında sağ qalma ehtimalı olan insanlar ölə bilər. Deməli, xilasetmə bir tərəfdən başlayıb, içərilərə doğru getməlidir. Ərazi həddən artıq böyük, dağıntının miqyası inanılmaz əhatəli olduğu üçün xilasedicilərin dağıntı altında qalan və sağ olduğu ehtimal edilən insanlara yetişməsində də ciddi çətinliklər var.
Yollar darmadağın olub, yardımların maşınlarla çatdırılmasında da maneələr yaşanması mümkündür və s.
Əlbəttə, digər səbəblər – elə binaların daha keyfiyyətli tikilməsi üzərində müzakirələr ola bilər. Ancaq bu, bugünün müzakirə-mübahisəsi deyil, insanlarda qıcıq yaradan, ölkəni xaosa sürükləyəcək emosional çağırışlardan ən azı media təmsilçiləri, ziyalılar və mütəxəssislər imtina etməyi bacarmalıdır.
Türkiyədəki zəlzələ dəhşətinə görə yüzillər öncə baş verən ən böyük zəlzələlərlə müqayisə olunur. Yəni bu, 500 ildə, min ildə baş verən nadir fəlakətdir.
Fəsadların aradan qaldırılması, Türkiyənin ən qısa zamanda dağıntılardan daha güclü çıxmasına çalışmaq gərəkdir.
Təbii fəlakətdən Türkiyəni regional dövlətə çevirən və qlobal dövlət olması uğrunda mücadilə verən Rəcəb Tayyib Ərdoğana qarşı istifadə etmək çox təhlükəlidir.
Düşmənin əlinə düşən “təbii fürsət”i “tarixi şans”a çevirməsinə imkan vermək olmaz!
Axar.az