Baku

Siyasət

Azərbaycan Türkiyənin dəstəyi ilə İrana qarşı durur

İranda hökumət əleyhinə etirazlar davam edərkən, Tehran qonşularını daxili işlərinə qarışmaqda ittiham edərək, onlarla gərginliyi artırır. Həmin qonşulardan biri olan Azərbaycan Türkiyə tərəfindən dəstəklənir və buna qarşı mübarizə aparır.

İran Azərbaycanla sərhəddə keçirdiyi son hərbi təlimlərlə Bakıya xəbərdarlıq edirdi ki, İranın böyük azərbaycanlı azlığını qızışdırmasın.

İran İnqilab Mühafizəçiləri İranın kürd azlığını qızışdırmaqda ittiham etdiyi İraqın yarı muxtar Kürdüstan bölgəsində yerləşən kürd qruplaşmalarına qarşı çoxsaylı pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Bonn Universitetinin region üzrə eksperti Zaur Qasımov deyib ki, təlimlər və hücumlar Tehranın sistemli siyasətinin bir hissəsidir.

"İran İran əhalisinin diqqətini xarici siyasətə, sərhəddəki münaqişələrə və qonşu ölkələrlə polemikaya yönəltməyə çalışır", - Qasımov bildirib. “Hərbi təlimlər təkcə şimalda Azərbaycan Respublikası ilə deyil, həm də İraq və Türkiyə ilə sərhəddə keçirilib. Deməli, onlar bölgəyə mesaj kimidir, lakin daha çox yerli auditoriyaya ünvanlanır”.

Amma Bakı İranla sərhəddə özünün hərbi təlimləri keçirməklə Tehrana qarşı geri çəkilməyəcəyini bildirir. Bu arada Azərbaycanın təhlükəsizlik qüvvələri bu ay 19 nəfəri saxlayıb və onları İran kəşfiyyatına işləməkdə ittiham edib.

Ankarada fəaliyyət göstərən Xarici Siyasət İnstitutunun rəhbəri Hüseyn Bağçı bildirib ki, Türkiyənin dəstəyi Bakını ruhlandırır və bu dəstəyin bir hissəsi ümumi müdafiə sazişində öz əksini tapıb.

“Türkiyə və Azərbaycan qardaşdırlar”, - Bağcı deyib. “Şuşa müqaviləsinə əsasən Azərbaycana hücum edilərsə və ya digər təhlükə yaranarsa, Türkiyə qeyd-şərtsiz Azərbaycanın köməyinə gələcək. İran öz təsirini genişləndirməyə çalışır, lakin Türkiyə İranın Azərbaycana təsirini dayandıran bir maneədir”.

Azərbaycan prezidenti İlham Əliyev Tehranı hərbi təlimlərə görə qınayıb, həm Azərbaycanda, həm də İranda öz ölkəsinin dünyəvi dövlətini və etnik azərbaycanlıları müdafiə edəcəyinə söz verib. Təhlilçi Qasımov hesab edir ki, Əliyevin Tehrana qarşı getdikcə daha iddialı mövqeyi region üçün əhəmiyyətli bir dəyişiklikdir.

"Son üç onillikdə Bakı İranın şimalındakı çox böyük azəridilli icma ilə münasibətdə çox ehtiyatlı davranırdı", - Qasımov bildirib. “Ancaq biz İranla sərhəddə hərbi təlimlərin keçirilməsini İranın hərbi təlimlərinə Azərbaycan tərəfinin reaksiyası kimi gördük".

Analitiklərin fikrincə, Bakının İsraildə səfirlik açması Tehranı daha da qəzəbləndirəcək. Tehranın xəbərdarlıqlarına baxmayaraq, Azərbaycan ilə İsrail arasında artıq yaxın hərbi əlaqələr də var.

Dorian Jones | Amerikanın Səsi