Baku

Siyasət

İran şahının oğlu Rza Pəhləvi: İran rejimi beynəlxalq qanunlara məhəl qoymur!

İran şahının oğlu Rza Pəhləvi Cənubi Azərbaycandan danışıb:

“İran rejimi beynəlxalq qanunlara məhəl qoymur. Azərbaycanın Tehrandakı səfirliyinə hücum beynəlxalq hüququn pozulmasıdır”.

Bunu 1979-cu ildə devrilmiş İran şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Münhen konfransı çərçivəsində Azərbaycan televiziyalarına müsahibəsində yanvarın 27-də Azərbaycan səfirliyində törədilmiş terror aktını şərh edərkən deyib.

Pəhləvi İrandakı mövcud siyasi vəziyyətə də öz münasibətini bildirib:

“Əslində bu, inqilabdır. Bu proses dünyanın bütün azadlıqsevər insanları tərəfindən alqışlanır və dəstəklənir. Azərbaycan səfirliyinə hücuma gəlincə, İran rejimi beynəlxalq qanunlardan üz döndərib. Bu hücumu qiymətləndirməyin başqa yolu yoxdur”.

Pəhləvi həmçinin qeyd edib ki, İranda gedən proseslər onu azad ölkəyə çevirə bilər.

“İran ərazisində yaşayan hər bir insan Güney Azərbaycan sakinlərinə hörmətlə yanaşmalıdır”, - devrilmiş şahın oğlu əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində terror aktı baş vermişdir. “Kalaşnikov” markalı avtomatla silahlanmış terrorçu diplomatik nümayəndəliyə hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu öldürmüş, iki mühafizəçini yaralamışdır.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri Bakıya təxliyə edilmişdir.

Diplomatik nümayəndəliyin fəaliyyəti hal-hazırda tamamilə dayandırılıb.

Terror aktı nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.