The Land of Fire

Türkiyəni yeni dəhşətli zəlzələlər sarsıltdı: dağıntılar altında insanlar, yeni qurbanlar var

Türkiyənin vitse-prezidenti Fuat Oktay episentri Defne bölgəsində olan 6,4 bal gücündə zəlzələnin ardınca 20-yə yaxın afterşok olduğunu bildirib.

Eyni zamanda AFAD, Hatay vilayətində bu gün baş verən zəlzələlərdən sonra açıqlanan dəniz səviyyəsinin qalxması ilə bağlı xəbərdarlığın ləğv edildiyini açıqlayıb.

BBC-nin bölgədə yaşayan jurnalistləri bildirirlər ki, bazar ertəsi baş verən təkanlar əvvəlkilərdən qat-qat güclü olub. Yeni zəlzələ nəticəsində dağıntıların nə dərəcədə olduğu hələlik dəqiq məlum deyil. Hatay şəhərinin meri bu ərazidə bəzi insanların dağıntılar altında qaldığını bildirib.

AFP jurnalisti xəbər verir ki, Antakyada yeni təkanlar toz buludlarını qaldırıb. Agentliyin məlumatına görə, əvvəlki zəlzələ zamanı zərər çəkmiş bir neçə binanın divarları uçub. Yaralılar barədə xeyli məlumatlar var.

Qonşu Suriyada fəaliyyət göstərən “Ağ Dəbilqəlilər” humanitar qrupu da yaralı sakinlərin olduğunu bildirib.

Səlahiyyətlilər əhalidən binalardan uzaq durmağı xahiş edir. Günorta saatlarında bəzi vətəndaşlar ya təhlükənin sovuşduğuna qərar verərək, ya da mənzillərindən şəxsi əşyalarını götürmək üçün evlərinə qayıtmaq qərarına gəliblər.

Fevralın 20-də Hatay vilayətinə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni zəlzələ zamanı Qəhrəmanmaraşda idi.